Kibertəhlükəsizlik sahəsində işləmək maraqlı olsa da, bu sahədə çalışan insanlar tez-tez yüksək stress altında qalırlar. Bu məqaləni yazmaq qərarına gəlməyimə "Mental Health in Cybersecurity" adlı pulsuz onlayn kurs ilham verdi. Əgər siz də daha çox məlumat almaq və bu mövzu üzrə sertifikat əldə etmək istəyirsinizsə, bloqun sonunda yerləşdirdiyim linkə baxa bilərsiniz.
Zehni (bundan sonra, Mental) sağlamlıq yalnız kibertəhlükəsizlik sahəsində deyil, hər bir ixtisasda əhəmiyyətlidir. Buna görə də, mental sağlamlığınıza diqqət yetirmək çox vacibdir.
Atalar demişkən, "Bilmədiyini biləndən sor."
"Bilməmək eyib deyil, soruşmamaq eyibdir."
Uzun müddət yüksək təzyiq altında işləmək "peşəkar yanma" sindromuna gətirib çıxara bilər. Bu sindrom, işə qarşı marağın azalması, fiziki və emosional yorğunluq ilə xarakterizə olunur. İş saatlarını tənzimləmək, mütəmadi istirahət etmək və hobbilərə vaxt ayırmaq bu vəziyyətdən qorunmağa kömək edə bilər.
Stress və depressiya kibertəhlükəsizlik mütəxəssisləri arasında geniş yayılmış problemlərdəndir. Qeyri-müntəzəm iş rejimi və uzadılmış növbələr stress səviyyəsini artırır. Depressiyaya düşməmək üçün, sosial ünsiyyəti artırın, dostlar və ailə üzvləri ilə daha çox vaxt keçirin. Əgər ehtiyac hiss edirsinizsə peşəkar psixoloji köməyə müraciət edin.
Kibertəhlükəsizlikdə “alert fatigue” termini davamlı olaraq sistemlərin göndərdiyi xəbərdarlıqların çoxluğundan yaranan yorğunluqdur. Bu halda, prioritetləşdirmə və avtomatlaşdırma həlləri tətbiq etmək önəmlidir.
Əgər siz də bu problemlərlə üzləşirsinizsə, bilin ki, TƏK DEYİLSİNİZ. Eyni zamanda, həmkarlarınız da mental sağlamlıq problemləri ilə mübarizə apara bilər. Empatiya göstərin və dəstək olun, bu hər kəsin rifahını artırmağa kömək edə bilər.
Mental sağlamlığınıza diqqət yetirmək, xüsusilə daim dəyişən kibertəhlükəsizlik sahəsində, son dərəcə vacibdir. Yazının əvvəlində qeyd etdiyim kurs sizə müxtəlif zehni sağlamlıq problemləri, onların əlamətlərini necə tanımaq və özünüzə və başqalarına necə dəstək olmağı öyrədəcək.
Daha ətraflı məlumat almaq və bu sertifikatı əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: